Döyüntü nədir? Ürək döyüntülərinin müalicəsi və müayinəsi

döyüntü

Döyüntü nədir? Ürək döyüntülərinin müalicəsi və müayinəsi

Döyüntü pasienti həkimə gətirən ən böyük faktorlardan biridir. Xəstələr ürəklərində sürətli, nizamsız, aritmik döyüntü olduqda bundan qorxurlar. Nəbzin sürətlənməsi, ya da əksinə yavaşlaması ürəkdəki elektriki sistemin buraxdığı impulslara bağlıdır. Sinus düyünü sürətli impuls yaradırsa, sinus taxikardiyası, əksinə yavaş buraxırsa bu zaman sinus bradikardiyası yaranır. (Bayılma halları haqqında oxu)

Ürəkdəki döyüntü-nün müalicəsi

Ürəkdə ritm pozulması xəstəliyinin ilkin formada müalicəsi öncədən dərman preparatları ilə həyata keçirilir. Çünki elə döyüntülər var ki, onlar başqa xəstəliklərin nəticəsi olaraq ürəkdə yaranır və ilkin xəstəlik müalicə olunduqda ürəkdöyünmə keçir. Bu xəstəliklərə qanazlığı, tireotoksikoz, şəkərli diabet, hipertoniya xəstəliyi və s aiddir. (Təhlükəli xəstəliklərdən biri olan Ağciyər tromboemboliyası haqqında oxu) Belə xəstəliklərdə yaranan döyüntülər sinus taxikardiyası, səyrici aritmiya , flatter tipdə döyünmə, qulaqcıq və ya mədəcik ekstrasistoliyalarıdır.

Həmçinin oxu: Ürək xərçəngi

Bu tipdə döyüntü ilkin xəstəliyin müalicəsindən sonra keçmədisə, o zaman dərman müalicəsi gərəklidir. Dərman müalicəsi müasir tibbdə Sovet müalicələrindən xeyli fərqlidir. Burada daha çox D vitamini səviyyəsinin qaldırılması, MagneziumKaliumun qanda səviyyəsinin yüksəldilməsidir. Həmçinin müasir antiaritmik preparatlar var ki, bunları bəzən müəyyən zaman, bəzən ömrümüzün sonunacan qəbul etməklə döyüntünü kontrol altında saxlamaq mümkündür.

Radiofrekans ablasiya müalicə üsulu

Bəzi döyüntülər var ki, onlar anadangəlmə ürək içərisində yerləşən yollara bağlıdır. Bu yollar aksesuar yollardır. Uzun illər bu tip xəstələr paroksizmal supraventrikulyar döyüntülərdən əziyyət çəkirlər və nəticədə bu xəstəlik onları hər ay təqib edir. Xəstələr evə təcili yardım çağırır, təcili yardım venadan iynə vurur, döyüntü-nü dayandırır. Tibbdə bu tip döyüntülərin dərman müalicəsi yoxdur. Ən effektiv üsul radiofrekans ablasiya üsuludur. Xəstənin qasıq nahiyəsindən ürəyin içərisinə xüsusi kateterlər yerləşdirilərək xəstədə süni olaraq laborator şəraitdə döyüntülər formalaşdırılır. Döyüntünün hansı nöqtədən çıxdığı aydınlaşdırılır və ürəyə yerləşdirilən kateterin ucundan radiofrekans dalğa verilərək həmin nöqtə ablasiya olunur, yəni yandırılır. Bunun nəticəsi olaraq bir daha bu cür döyüntülər müşahidə olunmur.

Endokardit – Ürəyin ən təhlükəli xəstəliklərindən biri

Döyüntülərin müayinəsi

Döyüntülərin üzə çıxarılmasının hansı müayinə üsulları var deyə biz aritmoloqlara çox suallar gəlir. Xəstə hər gün hər an döyüntüm var deyirsə, ən effektiv üsul elektrokardioqrammadır. Anlıq vəziyyəti göstərir, hansı növ aritmiyanın olduğunu bizə bildirir. Əgər pasient deyirsə ki, döyüntü ancaq axşamlar olur , səhər oyananda olur- bu zaman Holter incələməsi aritmiyaları üzə çıxarmada ən öndəgedən müayinə metodudur. 24 saatlıq və 48 saatlıq formaları var. Xəstə üzərinə taxılır, xəstə evə göndərilir və durmadan xəstənin elektrokardioqrammasını qeyd edir. Hətta xəstə yatdıqda belə. Sonra açıb incələnir. Bu yolla bəzən xəstənin özünün belə hiss edə bilməyəcəyi döyüntülər də üzə çıxarılır, müalicə növü seçilir.

Döyüntü zamanı elektrofizioloji müayinə

 Bəzən yuxarıda söz açdığımız paroksizmal döyüntülər təcili yardım gəldikdən sonra keçir, və ya xəstə təcili yardım çağırmır, amma bu döyüntülərdən bizə bəhs edir, xəstə döyüntü bitdikdən sonra həkimə gedir və bütün müayinələr normal göstərir. Bu tipdə xəstələrə döyüntünü üzə çıxarmaq üçün ən effektiv müayinə elektrofizioloji müayinədir. Angioqrafiyaya bənzəyir, qasıq nahiyyəsindən icra edilir, narkozsuzdur. Pasientin ürəyinə müxtəlif kateterlər salınır, döyüntü ocağı varsa, müəyyənləşdirilir, gərəkirsə ablasiya icra edilir. Ürək həssas orqandır, əgər xəstə ürəyinin döyünməsindən narahatdırsa əlbət ki, bir səbəbi vardır.

Növbəti yazı: Stimulyator və ya Pacemaker cihaz implantasiyası

Sosial mediada paylaşın