Məndə aritmiya xəstəliyi varmı?

Məndə aritmiya xəstəliyi varmı?

Bu suala cavab vermək üçün insan ilk növbədə özünü dinləməlidir. Çünki normalda heç bir insan öz ürək döyüntüsünü hiss etməməlidir. Necə ki biz heç bir orqanın çalışmasını hiss etmirik, eyni qaydada ürəyin də çalışmasını hiss etməməliyik.

Amma biz ürəkdə, hər hansı bir ritmdə dəyişikliyi, ürəyin zərblə vurmağını, sanki vurub-vurub dayanmağını, ürəyin ritmik vurarkən birdən aritmik, yəni düzgün olmayan ritmlə vurmağını hiss ediriksə, bəli, deməli bizdə aritmiya var.

Bəs aritmiya xəstəliyinin hamısı qorxuludurmu?

Biz bunu hiss etdikdə mütləq həkimə müraciət etməliyikmi? Bu, şübhəli məsələdir.
Yəni, insan həyəcanlananda, çox stress keçirdiyi dövrlərdə, qidalanmasına diqqət etmədikdə və ya ifrat dərəcədə çox yedikdə, yuxusuz olduqda onun ürək döyüntüləri fərqli ola bilər. Nəinki yüksələ, hətta aritmik şəkildə də pozula bilər.

Bəs nə zaman həkimə müraciət etmək lazımdır?

Müəyyən period gözləməkdə fayda var. Yəni hazırda sadaladığım əlamətləri qaydaya saldıqdan sonra, insan müəyyən zaman ərzində yenə də ürək döyüntüsünü hiss edirsə, ancaq bu halda həkimə müraciət etmək olar.

Kardioloq yoxsa aritmoloq?

Bəs bununla bağlı kardioloqa yoxsa aritmoloqa getməlisiniz?

İlkin olaraq mən kardioloqa getməyi məsləhət görərəm. Kardioloq sizə kardioqramma çəkib, Holter və ya digər müayinələri etdikdən sonra sizin aritmiyanınız nə dərəcədə təhlükəli olub-olmamasının qərarını verir. Qərarı verdikdən sonra isə sizi aritmoloqa yönləndirmək üzərində düşünür, ya da özü müalicənizi edir.

Təbii ki, aritmologiya elə bir sahədir ki, hər bir aritmiya növünə fərdi yanaşır. Yəni, hər bir aritmiyanın ümumiləşmiş 1-2 dərmanı yox, bir neçə dərmanı və müxtəlif yanaşması olduğuna görə aritmoloqun artıq ciddi aritmiyalarda müdaxilə etməsi daha məqsədə uyğun hesab olunur.

Siz aritmiya xəstəsinizsə, və ya ürəyiniz aritmiya ilə vurursa, bu da qorxulu deyildir. Çünki bir çox aritmiyalar onları törədən səbəblər aradan qalxdıqdan sonra yox olur. Bir çox aritmiyalar onlara düzgün müalicə etdikdə tamamilə yox ola bilirlər. Ona görə də həyəcanlanmağa və panikaya düşməyə ehtiyac yoxdur.

Sosial mediada paylaşın

Leave a Reply