Gənclərin enerji içkiləri ilə bağlı fikirləri

Gənclərin enerji içkiləri ilə bağlı fikirləri

Gənclərin enerji içkiləri ilə bağlı maraqlı fikirləri var.

Niyə içirsən? Niyə bu qədər çox içirsən? suallarına gənclərdən maraqlı cavablar almışıq. Alınan cavabları ümumiləşdirsək: əgər cibində cəmi 2-3 manatın varsa, vaxt itirmədən gedib enerjetik içki alırsan- bundan sonra isə

* səhərə qədər gecə klubunda rəqs edə bilərsən,

* imtahandakı bütün sualları yazıb gələcək taleyini həll edə bilərsən,

* istəsən qarşındakı divarı bir yumruqla uçura bilərsən,

* ən əsası da “qanadlana” bilərsən…

Ancaq gəlin, biraz gərçək həyata qayıdaq.

Məsələn, 2001-ci ildə İçveçdə 30 yaşlı Tereza diskotekada iki banka enerji içkisi ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb. 18 yaşlı basketbolçu Ross Kuni 3 banka enerji içkinin qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Bunlar mətbuatın yazdıqlarıdır, yazmadıqları, xəbərsiz olduqları isə “n” qədərdir.

Enerji içkilərinin tərkibində ən çox miqdarı kofein və taurin tutur. Və yalnız 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16000-dən çox olub. Bəs həqiqətənmi energetik içkilər insana bu qədər güclü təsir edir, enerji verir, yoxsa bizdən pul qoparmaq üçün istehsalçıların növbəti tələsidir? Doğrudanmı, biz bir banka içki ilə həyatımızı riskə atırıq?

Araşdırmalara görə, bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid, və bəzi vitaminlər var. Ekspertlər hesab edirlər ki, əksər televiziyaların “qanadlandırıcı” kimi reklam etdiyi “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” və s. kimi içkilər əslində daha çox insanı öldürür. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Yəni əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq.

İstənilən başqa stimulyator kimi, kofein də əsəb sisteminin gərilməsinə gətirir. Onun təsiri orta hesabla 3-5 saat qalır. Bundan başqa, kofein insanda asılılıq yaradır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır: insan qanadlanıb uçmaq yerinə şiddətli ürəkdöyünməsi (hətta bəzən ürəkdayanması) ən yüngül halda isə əsəbilik psixoloji gərginlik və depressiya yaranır.

Övladlarınızın qəbul etdiyi içkilərə diqqət edin. Onlara bu yazını oxudun və unutmayın – hər şeyin təməlində ilk öncə onlarla dostluq dayanır.

Sosial mediada paylaşın