Təngnəfəslik – Hansı halda həkimə müraciət edilməli?

Təngnəfəslik – Hansı halda həkimə müraciət edilməli?

Hər birimiz həyatımızda bir dəfə də olsun təngnəfəslik şikayəti ilə qarşılaşmışıq. Adətən bu kimi hallar fiziki fəaliyyət zamanı, məsələn 7-8 mərtəbə pilləkən çıxdıqdan sonra və ya nəqliyyat vasitəsinin arxasınca qaçdıqda olur. Bu kimi hallar normaldır. Amma təngnəfəslik hər dəfə yemək yedikdən sonra ani şəkildə baş verirsə, rahat şəraitdə 100 metr yol getdikdə olursa, yatdığımız zaman bizi yuxudan oyadırsa, bu, artıq ciddi əlamətdir və o deməkdir ki, həkimə müraciət etməyin vaxtıdır.

Təngnəfəslik nəfəsin çətinləşməsidir. Bu zaman nəfəsin həm intensivliyi, həm də sayı artmağa başlayır. Normal insan dəqiqədə 14-20 dəfə tənəffüs hərəkəti etməlidir.

Ancaq daha çox edirsə, bu “taxipnoe”, daha az edirsə, bu, “bradipnoe” hesab olunur.

Bəs təngnəfəslik hansı hallarda baş verir?

  • Düzgün olmayan həyat tərzi;
  • Otağın havasının gec-gec dəyişdirilməsi;
  • Ağciyər xəstəlikləri;
  • Ürək xəstəlikləri;
  • Döş qəfəsinin travmaları.

Əgər siz bağlı otaqda təngnəfəslik hiss edirsinizsə, bunun səbəbi otaqda karbon qazının miqdarının artmasıdır. Buna görə də otağın havasını tez-tez dəyişmək lazımdır. Əgər siz az hərəkətli insansınızsa, birdən-birə həddindən artıq fiziki hərəkət etmək də təngnəfəs olmağınıza səbəb olacaq. Eyni zamanda, çəkiniz anidən şiddətli şəkildə artıbsa, bu da təngnəfəsliyə gətirib çıxardır. Bu siyahıya  siqaret çəkmək, alkoqol qəbul etməyi də əlavə etmək olar.

Bunlar bizim xəstəliklərlə əlaqədar olmayan təngnəfəslik səbəbləridir. Digər tərəfdən isə xəstəliklərlə əlaqədar olan – ağciyər xəstəlikləri, bronxlarda müəyyən problemlərin olması, asma, pnevmaniya, xronik bronxit – təngnəfəslik səbəbləri də vardır.

Üçüncü səbəb isə ürəkdir. Ürək çatışmazlığı olduqda ürəyin oksigenlə zənginləşməsi azalır, qan mübadiləsi pozulur və ağciyərlərdə maye toplaşmağa başlayır. Bu da ortopnenin yaranmasına və təngnəfəsliyin əmələ gəlməsinə gətirib çıxardır.

Bəzən panik atak zamanı da hava çatışmazlığı olur. Çünki birdən-birə şiddətli şəkildə qorxu hissi gəlir və bu da ürək döyüntüsünün artmasına, ürəyin qanla qidalanmasının azalmasına və təngnəfəsliyin yaranmasına səbəb olur. Anemiyalar da insanın təngnəfəs olmasına şərait yaradır.

Təngnəfəsliyi əmələ gətirən digər faktorlardan biri də qabırğaların qırılmasıdır. Bu zaman insan çalışır ki, döş qəfəsini az hərəkət etdirsin və az-az nəfəs alsın.

Hamiləlik zamanı 6-cı aydan başlayaraq get-gedə təngnəfəslik artır. Bəzən osteoxondroz döş qəfəsi nahiyəsində olduqda təngnəfəslik yaradır. Təngnəfəsliyin səbəblərindən biri də qalxanabənzər vəzinin funksiyasının pozulmasıdır.

Sosial mediada paylaşın

Leave a Reply