K vitamini çatışmazlığının səbəbi nədir?

aritmoloq

K vitamini çatışmazlığının səbəbi nədir?

K vitamini yağda həll olunan vitamindir, laxtalanma faktorlarının sintezində iştirak edir və sümüklərin inkişafına və ürək sağlamlığına mühüm təsir göstərir. K vitamini çatışmazlığı bədəndə əhəmiyyətli qanaxmalara, osteoporoza və ürək xəstəliklərinin artmasına səbəb ola bilər. K vitamininin 3 əsas növü var. K1 vitamini ispanaq və kələm kimi yaşıl yarpaqlı tərəvəzlərdə olur, K2 vitamini təbii halda bağırsaqlarda əmələ gəlir, K3  isə vitaminin sintetik formasıdır və suda həll olunur.

K vitamini çatışmazlığı ən çox yenidoğulanlarda olur. Əsas səbəblər bunlardır:

  • Yeni doğulmuş körpələr bədənlərində çox az K vitamini ehtiyatı ilə doğulurlar.
  • K vitamininin ananın plasentasından körpəyə ötürülməsi qeyri-kafi olur.
  • Yalnız ana südü ilə qidalanan körpələr kifayət qədər K vitamini almırlar.
  • Körpələrin bağırsaqlarında K vitamini istehsal edən faydalı bakteriyalar hələ formalaşmayıb.
  • Körpələrdə öd yollarının tıxanmasına səbəb olan xəstəliklər də K vitamini çatışmazlığı ilə nəticələnir.

Yetkin insanlarda K vitamini çatışmazlığının səbəbləri:

  • Öd yollarında tıxanma
  • Yağların malabsorbsiyası (yağların mənimsənilməsi prosesinin pozulması)
  • Kistik fibroz
  • Nazik bağırsağın cərrahi çıxarılması
  • Kifayət qədər qidalanmama
  • Alkoqolizm
  • Uzunmüddətli venadaxili qidalanma
  • Xroniki ishal
  • Qaraciyər xəstəlikləri
  • İltihablı bağırsaq xəstəliyi
  • Yayılmış damardaxili laxtalanma
  • Xroniki böyrək xəstəliyi və dializ
  • Pnkreas çatışmazlığı

Sefalosporinlər kimi bəzi antibiotiklər, salisilatlar, yüksək dozada E vitamini və qaraciyər çatışmazlığı xəstədə K vitamini çatışmazlığı varsa, qanaxma riskini artırır.

K vitamini çatışmazlığının ən əhəmiyyətli əlaməti qanaxmadır. Bu qanaxma yara və ya kəsikdən olmaya da bilər. Sağlam dəri və orqanlarda qanaxma meydana çıxır.

Ən çox K vitamini çatışmazlığı olan yenidoğulmuşlarda aşağıdakı simptomlar müşahidə edilə bilər:

  • Göbək kordunun bölgəsində qanaxma
  • Körpə sünnət edilmişsə, penisdə qanaxma
  • Həzm sistemindən qanaxma, qanlı nəcis
  • Dəridə göyərmə və qanaxma
  • Beyində qanaxma
  • Burun qanaması

Yetkin insanlarda K vitamini çatışmazlığının simptomlarına aşağıdakılar daxildir:

  • Dəridə nöqtələr və ya böyük qançırlar
  • Dırnaqların altında və diş ətində qanaxma
  • Bədənin daxili orqanlarında qanaxma
  • Bağırsaqlarda qanaxmaya görə tünd rəngli nəcis

Yenidoğulmuşlarda K vitamini çatışmazlığının qarşısını almağın ən mühüm üsulu körpə doğulan kimi K vitaminini iynə vasitəsilə vurmaqdır. Tətbiq olunan doza 1 mq-dır və əzələdaxili olaraq verilir. Nadir hallarda, sonradan qanaxma əlamətləri göstərən körpələr üçün əlavə dozalar tələb oluna bilər.

Yetkinlərdə K vitamini çatışmazlığının müalicəsi vəziyyətin şiddətindən və buna səbəb olan xəstəlikdən asılıdır.

Ağır və uzun müddətli pəhriz saxlamayan və balanslı qidalanan sağlam fərdlərdə K vitamini çatışmazlığı inkişaf etmir.

K vitamininin əsas mənbəyi bitkilərdir. Aşağıdakı qidalar K vitamini ilə zəngindir:

  • İspanaq, kahı, noxud, lobya, acı tərə, brokoli və qulançar
  • Yulaf və tam buğda unu
  • Zeytun, kanola, pambıq və zəfəran yağları
  • Soya

Qadınlar üçün tövsiyə olunan gündəlik K vitamini miqdarı 90 mkq/gün olduğu halda, kişilər üçün 120 mkq/gün tövsiyə edilir. Gündəlik doza venadaxili qidalanan və ağızdan qidalana bilməyən xəstələrdə 150 ​​mkq olmalıdır.

Körpənizdə aşağıdakı simptomlardan hər hansı birini görsəniz, dərhal həkiminizlə əlaqə saxlayın:

  • Xüsusilə körpənin başında və üzündə göyərmələrin olması
  • Burun qanaması və göbəkdən qanaxma
  • Qanlı qusma
  • Körpənin nəcisi qanlı və ya qara rəngdədir
  • Körpənin dəri rənginin solğunluğu
  • Sakitləşdirilə bilməyən əsəbilik, daimi qusma, qıcolmalar, daimi yuxululuq beyin qanamasının əlamətləri ola bilər.

K vitamini qəbul etməyin mənfi təsirləri varmı?

K vitamini tövsiyə olunan dozalarda istifadə etməyin heç bir zərəri yoxdur. Həkimlərinizin məlumatı və tövsiyəsi olmadan K vitamini istifadə etməyiniz tövsiyə olunmur.

Sosial mediada paylaşın

Leave a Reply