Ürək qapaqlarının qorunması

Ürək qapaqlarının qorunması

Mitral qapaq darlığı ürək xəstəlikləri içərisində, xüsusən qadınlarda çox rast gəlinən qapaq xəstəliyidir. Revmatizmal xəstəliklərin fonunda yaranan bu xəstəlik mitral qapaqları zədələyir və qapaqlar tədricən daralmağa başlayır. Mitral qapaq iki taydan təşkil olunmuşdur. Sol mədəciklə qulaqcığı bir birindən ayırır. Bu qapaqda yaranan darlıq sol qulaqcıqların həcminin böyüməsinə, təngnəfəslik, boğulma, sürətli ürəkdöyünmə, bəzən öskürək və öskürəkdə qan görülməsinə gətirib çıxardır. Xəstəlik irəlilədikcə xəstələr adi fiziki yükdə belə boğulmağa başlayırlar. Xəstələrdə xüsusən yanaq nahiyyədə qızartılar ( kəpənəyə bənzər formada) müşahidə edilir. Bu zaman kardioloqa müraciət vacibdir . İlk müayinə dinləmə, daha sonra isə exokardioqrafiya təyin edilir. Bu üsulla qapaqlara tam baxış keçirilir. Darlıq olduğu halda hansı dərəcədə olduğu və nə etmək lazım olduğu müəyyənləşir. İlkin dövrdə ( darlıq ciddi deyilsə) parallel dərman müalicəsi və mütəmadi exokardioqrafiya ilə izləmə tövsiyyə edilir. Darlıq ciddidirsə cərrahi əməliyyat və ya invaziv yolla, yəni ayaqdakı damardan qapağın açılması tövsiyyə olunur. Seçimi bu zaman kardioloq edir. Hansı üsulla əməliyyat olunacağı ( açıq ya qapalı cərrahiyyə) qapağın vəziyyətindən, qulaqcığın ölçüsündən, xəstənin ümumi vəziyyətindən asılıdır. Xəstəlik zamanı yanaşı aritmiyalar, sürətli ürəkdöyünmə olduğundan hər zaman qapaqda ya qulaqcığın içərisində tromb yaranma riski və bu zaman bu tormbun qopub həyati vacib orqanlara getmə riski var. Ona görə də qandurulaşdırıcıların qəbulu mütləq hesab edilir. Xəstəlikdən qorunmaq, profilaktikanın aparılması çox vacib nüansdır. Buraya adi diş gigiyenasından başlamış, nəmişlik şəraitində yaşamamaq, revmatoloq konsultasiyası, tez tez angina hallarının qarşısının alınması daxildir. Ürəyinizi və onun qapaqlarını qorumaq sizin əlinizdədir.

Sosial mediada paylaşın