Kardio məşqlər və ürək sağlamlığı

Kardio məşqlər və ürək sağlamlığı

Kardio məşqlər ürək-damar sisteminin sağlamlığına müsbət təsir edən idman növlərindən biridir. Bu məşqlərə aiddir: qaçış, yürüş, velosiped sürmək, üzgüçülük, iplə tullanma və s.

Aerob məşq növü olan kardio məşqlərin ürək-damar sisteminə bir çox müsbət təsiri var. Belə ki, bu məşqlər tənəffüs və ürək-damar sistemini aktiv işlədir. Nəticədə ürəyi, ağciyərləri möhkəmləndirir.

Kardio məşqlər yüksək arterial təzyiq və infarktın qarşısını alır. 

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada hər il 15 milyon insan ürək-damar xəstəliklərindən həyatını itirir. Bunun qarşısının alınmasında qidalanma ilə yanaşı, fiziki aktivliyin rolu böyükdür.

Fiziki aktivliyin ən effektiv növlərindən biri məhz kardio məşqlərdir. Bu məşqlər infarkt, yüksək arterial təzyiqlə yanaşı, şəkərli diabet, piylənmə kimi xəstəliklərin qarşısını almağa kömək edir.

Bundan başqa, kardio məşqlər insanın əhvalını yüksəldir, yuxunun keyfiyyətini yaxşılaşdırır. Bədənin dözümlülüyünü artırır və maddələr mübadiləsini yaxşılaşdırır.

Lakin kardio məşqlərə başlamadan əvvəl ürək-damar sisteminizin sağlam olmasına əmin olmalısınız. Bunun üçün kardioloji müayinədən keçmək vacibdir.

Müayinədən keçdikdən sonra hər hansı problem aşkarlanarsa, kardioloq həkim sizi doğru yönləndirə və sizin sağlamlığınıza zərər vurmadan fiziki aktivlik növü seçə bilər.

Kardio məşqin müsbət nəticə verməsi üçün vacib məqamlar

Kardio məşqlər zamanı ürək əzələsi aktiv işləyir, nəticədə normadan daha çox qanı dövr etməli olur. Buna görə də məşqlərin intensivliyini doğru seçmək lazımdır.

Sizin bədəninizə uyğun, sizi yormayan bir ritm seçin. Doğru ritmi seçdiyinizi necə biləcəksiniz? Əgər məşq edərkən təngnəfəs olmursunuzsa, başınız gicəllənmirsə, gicgahınızda döyünmə hiss etmirsinizsə, deməli ideal ritm seçmisiniz. Bu şəkildə hər gün 30 dəqiqə kardio məşqlər etdikdə, ürək-damar və tənəffüs sisteminizi gücləndirmiş olacaqsınız.

Sosial mediada paylaşın

Leave a Reply