Tilt table testi nədir?

Tilt table testi ölkəmizdə çox az tibbi mərkəzlərdə icra olunduğundan üçün insanlara tanış olmayan müayinə üsuludur. Tilt table testi senkop - yəni bayılmalar zamanı çox əhəmiyyətlidir. Yəqin çoxumuzda həyatımızda bir dəfə də olsa bayılma halı olmuşdur. İsti mühitdə, sıx avtobusda, həyəcanlananda.. Bunların çoxu zərərsiz olduğu kimi bir çox bayılmalar ağır fiziki xəstəlikdən xəbər verir. Bunun nədən meydana gəldiyini müəyyən etmək üçün tilt table testi icra edilir.

Tilt table testi xüsusi masa üzərində aparılır. Xəstə masaya bağlanır və ona müxtəlif pozalar verilir, bu zaman xəstənin nəbzi və təzyiqi monitorda izlənilir. Müayinə sadə müayinə olub, 20 dəqiqə çəkir, lakin bayılmanın sizin üçün nə qədər təhlükəli olub olmadığına tam qərar verir.

Daha Ətraflı

Şəkər xəstələrinin nəzərinə!

Pasiyentlərin bizə çox zaman bildirdiyi şikayətlərdən biri də ürəkdə sancı şəkildə ağrıların olmasıdır. Yaranan sancının ürək nahiyyəsində olması onlarda bunun mütləq ürəklə əlaqədar olduğu düşüncəsi yaradır. İnsan ürəyi göynəmə, yanma, acışma şəklində ağrıyır və ağrılar ilk zamanlar sadəcə hərəkətdə müşahidə edilir, hərəkət zamanı ürək döyüntüləri artdığından ürəyin qanla qidalanma ehtiyacı artır və bu zaman ürək damarlarında darlıq varsa bu darlıq özünü biruzə verir. Hərəkəti dayandırdıqda ağrı keçir. Bu artıq sizin üçün və sizin yaxınlarınız üçün həyacan təbili çalmalıdır. Burada xüsusi vurğulamalı məqam şəkər xəstəliyidir. Şəkər xəstəliyindən əziyyət çəkən insanlarda infarkt və stenokardiya gizli, lal şəkildə keçir, bunu çox zaman xəstə sadəcə təngnəfəslik və boğulma olaraq hiss edir. Belə olan halda müayinə daha ətraflı aparılmalı, xəstəyə həm exokardioqrafiya, həm tredmil test, lazım olarsa  koronar angioqrafiya icra edilməlidir. Ürək damarlarında mövcud olan darlıqlar gündəlik dərman içilməsini tələb edir, bu halda kurs şəkildə dərman içib dayandırmaq, yaz payız fəsillərində sistem olaraq müalicələr qəbul etmək arzuolunmazdr. İçməli olduğunuz dərmanlardan ən vacibi aspirindir.. Aspirin gündəlik içilməli, xüsusən şəkər xəstələrində qəbulu mütləq olmalıdır. Yanaşı təzyiq varsa kontrol altında saxlanılmalı, ürək döyüntüləri azaldılmalıdır. Xolesterin əleyhinə preparatların qəbulu ilə bağlı çox zaman xəstələrdə haqlı suallar meydana çıxır. Xolesterini salmaq lazımdırmı, hansı həddə saxlanılmalı və pəhrizə riayyət edildiyi halda və xolesterinin yüksək olmadığı ürək-damar sistemi xəstəliklərində niyə xolesterin preparatı yazılır deyə çox sorğu suala tutulur həkim. İlk öncə qeyd edim ki, xolesterin yüksəkliyi arzuolunan hal deyil. Və ürəkdamar sistemi xəstəliklərinin törədicilərindən biridir. Xolesterin əleyhinə preparatın qəbulu isə xəstəliyiniz, yaşınız, yanaşı xəstəliklərinizə görə həkiminiz tərəfindən fərdi seçilir. Pəhrizə riayət etməniz, duzlu qidalardan, turşulardan az istifadə etməniz, idmanla məşğul olmanız sizi dərman dozalarının yüksəkliyindən qoruyacaqdır.

Daha Ətraflı

Nəbzin fəaliyyətinin təyin edilməsi

Nəbzin sürətlənməsi, ya da əksinə yavaşlaması ürəkdəki elektriki sistemin buraxdığı impulslara bağlıdır. Sinus düyünü sürətli impuls yaradırsa, sinus taxikardiyası, əksinə yavaş buraxırsa bu zaman sinus bradikardiyası yaranır. Sinus bradikardiyası nəbzin yavaşlamasıdır. İdmançılarda, professional səviyyədə idmanla məşğul olan şəxslərdə bu hal normal olaraq dəyərləndirilir, digər insanlarda isə bir qədər narahatçılığa səbəb ola bilər. Bir şeyi nəzərinizə çatdırmaq istərdik ki, yavaş nəbzin dərman müalicəsi yoxdur. Nəbz orqanizmi idarə edəcək səviyyədə olmalıdır, ürək vurğuları bədənə oksigeni normal daşımalıdır, əgər bunun arasında bir əlaqə pozulursa o zaman ciddi sürətdə baş gicəllənmə, bəzən huşun itməsi halları olur. Bu halda artıq nəbzin kənardan cihazla idarə olunmasına ehtiyac duyulur. Bu cihazlar dəri altına yerləşdirilir və insanın ehtiyacına görə nəbzini yüksəldir. Cihazların ömrü təqribən 8-10 ilə yaxın olur. Bu müddət ərzində cihaz xəstə ilə bərabər mütəmadi həkim nəzarətində olmalıdır. Cihazın ömrü bitdikdən sonra yenisi ilə əvəz olunur. Nəbzinizin aşağı olması şikayət verdiyi halda ( buraya başgicəllənmə və huşun itməsindən əlavə ciddi yorğunluq və təngnəfəslik də əlavə olunur) bu bəzi müayinələrlə təsdiq olunmalıdır. Çünki cihaz taxdırmaq qərarı çox ciddi qərardır. Aritmiya mərkəzi məhz bu halların araşdırılması ilə məşğuldur. Nəbzinizi, daha doğru desək ürəyinizin fəaliyyətini bizə əmanət edin. Və sağlamlığınıza qarşı biganə olmayın.

Daha Ətraflı

Ürək qapaqlarının qorunması

Mitral qapaq darlığı ürək xəstəlikləri içərisində, xüsusən qadınlarda çox rast gəlinən qapaq xəstəliyidir. Revmatizmal xəstəliklərin fonunda yaranan bu xəstəlik mitral qapaqları zədələyir və qapaqlar tədricən daralmağa başlayır. Mitral qapaq iki taydan təşkil olunmuşdur. Sol mədəciklə qulaqcığı bir birindən ayırır. Bu qapaqda yaranan darlıq sol qulaqcıqların həcminin böyüməsinə, təngnəfəslik, boğulma, sürətli ürəkdöyünmə, bəzən öskürək və öskürəkdə qan görülməsinə gətirib çıxardır. Xəstəlik irəlilədikcə xəstələr adi fiziki yükdə belə boğulmağa başlayırlar. Xəstələrdə xüsusən yanaq nahiyyədə qızartılar ( kəpənəyə bənzər formada) müşahidə edilir. Bu zaman kardioloqa müraciət vacibdir . İlk müayinə dinləmə, daha sonra isə exokardioqrafiya təyin edilir. Bu üsulla qapaqlara tam baxış keçirilir. Darlıq olduğu halda hansı dərəcədə olduğu və nə etmək lazım olduğu müəyyənləşir. İlkin dövrdə ( darlıq ciddi deyilsə) parallel dərman müalicəsi və mütəmadi exokardioqrafiya ilə izləmə tövsiyyə edilir. Darlıq ciddidirsə cərrahi əməliyyat və ya invaziv yolla, yəni ayaqdakı damardan qapağın açılması tövsiyyə olunur. Seçimi bu zaman kardioloq edir. Hansı üsulla əməliyyat olunacağı ( açıq ya qapalı cərrahiyyə) qapağın vəziyyətindən, qulaqcığın ölçüsündən, xəstənin ümumi vəziyyətindən asılıdır. Xəstəlik zamanı yanaşı aritmiyalar, sürətli ürəkdöyünmə olduğundan hər zaman qapaqda ya qulaqcığın içərisində tromb yaranma riski və bu zaman bu tormbun qopub həyati vacib orqanlara getmə riski var. Ona görə də qandurulaşdırıcıların qəbulu mütləq hesab edilir. Xəstəlikdən qorunmaq, profilaktikanın aparılması çox vacib nüansdır. Buraya adi diş gigiyenasından başlamış, nəmişlik şəraitində yaşamamaq, revmatoloq konsultasiyası, tez tez angina hallarının qarşısının alınması daxildir. Ürəyinizi və onun qapaqlarını qorumaq sizin əlinizdədir.

Daha Ətraflı