Hamiləlik zamanı xanımların ürək-damar sistemində bir çox dəyişikliklər yaranır. Bu dəyişikliklər V-VIII həftədən başlayır və doğuşdan bir müddət sonraya qədər davam edir. Belə ki, baş verən dəyişikliklər zamanı qanın plazma hissəsinin həcmi 50% artır, qırmızı qan hüceyrələri çoxalır, ürək tez-tez döyünməyə başlayır və ürək hər yığılanda damara daha çox qan nasoslayır. Uşaqlığa gedən qanın həcmi artır, periferik damarlardakı müqavimət azaldığı üçün qan təzyiqi azca aşağı düşür. Vena damarlarında isə təzyiq qalxır və ayaqlarda şişkinlik yaranır. Doğuş müddətində isə ananın qan-damar dövranında qəfil dəyişikliklər yaranır. Bütün bunlara tab gətirmək üçün ürək-damar sistemi sağlam olmalıdır. Bəzi qadınlarda hamiləlikdən əvvəl ürək-damar xəstəlikləri olsa da, simptom və əlamət vermir, yəni gizli qalır. Yalnız hamiləlik vaxtı yuxarıdakı səbəblərə görə ürəyin işi artanda xəstəlik aşkarklana bilər. Bəzi ürək-damar xəstəlikləri var ki, belə xəstəliyi olan qadınların hamilə qalmağı yüksək risk təşkil edir. Belə xəstələrə kardioloq məlumat verməli, psixoloji dəstək və ailənin də yardımı ilə hamilə qalmaqdan vaz keçirilməlidir. Aşağıda sadalanan xəstəlikləri olan qadınlar hamiləlik fikrindən daşındırılmalıdır:

1) yüksək ağciyər təzyiqi

2) atma gücü ˂40% olan ürək çatışmazlığı

3) ürək qapaq xəstəlikləri (aorta, pulmonar, mitral qapaqların ciddi darlığı, ya da ciddi çatışmazlığı )

4) göyərmə əlaməti olan anadangəlmə ürək qüsurları

5) aorta koarktasiyası

6) protez ürək qapağı olanlar

7) ürək divarının qalınlaşması xəstəliyi (hipertrofik kardiomiopatiya) və s.

Bəzi ürək-damar xəstəlikləri olan qadınlar isə kardioloqun nəzarətində qalaraq, məsləhətlərə qulaq asaraq hamiləlik dövrünü və doğuşu problemsiz başa vura bilərlər. Məsələn, ürəyində anadangəlmə deşik olan xanımlara təmirdən sonra, aritmiyası olan xanımlara  dağlama üsulu ilə müalicədən sonra, təzyiq xəstəliyi olan xanımlara isə dərman müalicəsi altında hamilə qalmağa icazə verilir. Ultrasəs müayinəsi belə qüsurların bir qismini vaxtında aşkar edərək, hamiləliyin gedişatına yol göstərə bilər. Hamiləlik vaxtı xanımlarda olan ürək-damar xəstəlikləri uşağın inkişafına da ziyan vura bilər. Məsələn, uşaq vaxtından əvvəl dünyaya gələ bilər, inkişaf qüsurları ilə doğular və ən əsası isə anada olan ürək qüsurları uşaqda da ola bilər.